BİZNES

29 Dekabr

SOCAR və “Uzbekneftqaz” Üstyurt regionunda geoloji-kəşfiyyat işlərini müzakirə edib

“Uzbekneftqaz” SC SOCAR şirkəti ilə Məhsul Bölgüsü Sazişi (MBS) çərçivəsində Üstyurt regionunun investisiya bloklarında aparılan geoloji-kəşfiyyat işlərinin gedişini müzakirə ediblər.

Finss.az xəbər verir ki, bu barədə “Uzbekneftqaz” SC məlumat yayımlayıb.

Məsələ “Uzbekneftqaz” SC-nin İdarə Heyətinin sədri Akmal Sənginov və SOCAR-ın vitse-prezidenti Arzu Cavadovaa arasındakı işgüzar görüş zamanı müzakirə olunub.

Tərəflər, həmçinin karbohidrogenlərin hasilatı üzrə layihənin növbəti icra mərhələsini nəzərdən keçiriblər.

Hər iki şirkətin rəhbərliyi birgə layihənin icrası çərçivəsində əldə olunan nəticələri müsbət qiymətləndirərək, qarşıya qoyulan tapşırıqların vaxtında yerinə yetirildiyini qeyd edib.

Bildirilib ki, seysmik tədqiqatlar çərçivəsində regionda ilk dəfə olaraq müasir texnologiyalar geniş miqyasda tətbiq olunur. İstifadə edilən həllərin bəziləri Üstyurt ərazisi üçün unikal xarakter daşıyır. Bu yanaşma geoloji-kəşfiyyat işlərinin sürətləndirilməsinə, əldə edilən geofiziki məlumatların keyfiyyətinin və dəqiqliyinin artırılmasına, eləcə də Özbəkistanın neft-qaz sənayesində yeni texnoloji imkanların və qabaqcıl standartların formalaşmasına töhfə verir.

Görüşün yekununda tərəflər layihənin növbəti mərhələlərinin əlaqələndirilməsi və planlaşdırılan tədbirlərin səmərəli icrasının təmin edilməsi barədə razılığa gəliblər.

©Trend