BİZNES

26 Dekabr

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 1,029 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 399,5 milyon dollar və ya 1,6 dəfə artım deməkdir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,33%-i təşkil edib.

Bu dövrdə Azərbaycandan Böyük Britaniyaya 278,4 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu da ötən il ilə müqayisədə 122,9 milyon dollar və ya 30,6% azalma deməkdir. İxracın böyük hissəsi – 273,052 milyon dollar – bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarına aiddir. İxrac həcmi 514,9 min ton, dəyəri isə 117,8 min dollar və ya 30,1% azalıb, həcm baxımından isə 135,2 min ton və ya 20,8% azalma qeydə alınıb.

Eyni dövrdə Böyük Britaniyadan Azərbaycana 762,1 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ötən ilin göstəricisinə nisbətən 522,4 milyon dollar və ya 3,2 dəfə artım deməkdir. Bu göstərici Böyük Britaniyanı Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 6-cı yerə çıxarır.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 44,589 milyard dollar təşkil edib ki, bu da ötən ilə nisbətən 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. İxrac 23,401 milyard dollar, idxal isə 21,188 milyard dollar olub. Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalmış, idxal isə 2,416 milyard dollar və ya 12,9% artmışdır. Nəticədə xarici ticarətdə 2,213 milyard dollar həcmində müsbət saldo yaranıb ki, bu, illik müqayisədə 2,5 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az