“Bakı Metropoliteni” QSC 2024-cü ili 139,62 milyon manat zərər ilə yekunlaşdırıb.
Finss.az-ın QSC-nin hesabatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 81,6% artaraq yığılmış zərəri 3,109 milyard manata çatdırıb.
Hesabatdan məlum olur ki, 2024-cü ildə metronun cəmi gəlirləri 155,66 milyon manat təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 22,4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşıma xidmətləri və hökumət subsidiyaları hesabına baş verib. Sərnişindaşıma gəlirləri 100,65 milyon manat, hökumət subsidiyaları isə 50 milyon manat olub.
Eyni zamanda, əməliyyat xərcləri 294,17 milyon manat səviyyəsinə yüksəlib ki, bu da ötən ilin göstəricisindən 44,8% çoxdur. Xərclərin artımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrik enerjisi, mal-material və texniki xidmət xərcləri önəmli rol oynayıb.
Hesabat dövründə metronun aktivləri 418,82 milyon manat, öhdəlikləri 33,29 milyon manat, kapital həcmi isə 385,53 milyon manata düşərək əvvəlki ilə nisbətən 1,1% azalıb.
Əsas xərclər:
- İşçi heyətinə ödəniş: 86,28 milyon manat
- Elektrik enerjisi: 13,93 milyon manat
- Əsas vəsaitlərin dəyərsizləşməsi: 148,01 milyon manat
2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb. İlkin dəyəri 731,41 milyon manat olan tamamlanmamış tikintilər arasında “Xətai-Y20” stansiyası, B3 və B4 tunelləri, Dərnəgül və Xocəsəndə yerləşən elektrik depoları və digər infrastruktur obyektləri yer alıb.
Fuad Mədətov
Finss.az
