BİZNES

26 Dekabr

Azərbaycandan Xorvatiyaya 666,6 milyon dollarlıq neft və neft məhsulu ixrac edilib

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Xorvatiyaya bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsullarının ixracının dəyəri 666,6 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Xorvatiyaya 1,255 milyon ton neft və neft məhsulu göndərilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 206,8 milyon dollar və ya 23,7%, fiziki həcm baxımından isə 181 min ton və ya 12,6% azalma deməkdir.

Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayında Azərbaycandan Xorvatiyaya 873,4 milyon ABŞ dolları dəyərində 1,436 milyon ton neft və neft məhsulları ixrac edilmişdi.

Ümumilikdə isə 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsullarını dünyanın 21 ölkəsinə ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları olub.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə neft və neft məhsullarının ixracı dəyər ifadəsində 1,8 milyard dollar və ya 13,5% azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az