BİZNES

26 Dekabr

Azərbaycan–Almaniya ticarət dövriyyəsi 11 ayda 1,3 milyard dollara yaxın olub

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,298 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 128,041 milyon ABŞ dolları və ya 9% azdır. Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 2,91%-ni təşkil edib. Bununla da Almaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Almaniyaya 543,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 138,6 milyon dollar və ya 20,3% azalma deməkdir.

Hesabat dövründə Almaniyaya 502,019 milyon ABŞ dolları dəyərində 956,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 132,4 milyon dollar və ya 20,9%, həcmi isə 45,5 min ton və ya 4,5% azalıb.

Eyni zamanda, yanvar–noyabr aylarında Almaniyadan Azərbaycana 754,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon dollar və ya 1,4% artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir.

Bu dövrdə xarici ticarət dövriyyəsinin 23,401 milyard dolları ixracın, 21,188 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Nəticədə, xarici ticarətdə 2,213 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az