BİZNES

25 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığa dövlət dəstəyi biznes mühitini gücləndirir

Finss.az - İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığa dövlət dəstəyi bölgədə istehsal və xidmət sahələrinin yaranmasını sürətləndirir, real sektorun formalaşmasına və məşğulluğun artmasına stimul yaradır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl sektor üçün dövlət tərəfindən tətbiq edilən dəstək və güzəştlər paketi bölgədə əlverişli işgüzar mühit formalaşdırıb.

Regionda fəaliyyət göstərən rezidentlərə 1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azadolma tətbiq olunur. Həmçinin müvafiq iqtisadi fəaliyyət sahələri üzrə avadanlıq və xammalın idxalına görə ƏDV və gömrük rüsumları ödənilmir, habelə dividendlərdən əldə edilən gəlirlərə görə vergi tutulmur.

İstehsal sahəsində fəaliyyət göstərən rezidentlər üçün kommunal xidmətlər üzrə də mühüm dəstək mövcuddur. 1 yanvar 2033-cü ilədək hər ay istehlak edilən kommunal xidmətlərə görə ödənişlərin 20%-i dövlət tərəfindən geri qaytarılır.

Fiziki şəxslərin mehmanxana və hotel xidmətlərinə görə ödədiyi ƏDV-nin geri qaytarılması da stimullaşdırıcı mexanizmlərdən biridir: nağdsız ödənişlərdə 30%, nağd ödənişlərdə isə 5% geri qaytarılır.

Bölgədəki sənaye parklarının rezidentləri isə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən tam azaddır. Eyni zamanda, idxal olunan texnika və avadanlıqlar üçün ƏDV və gömrük rüsumu tətbiq edilmir ki, bu da müəssisələrin ilkin investisiya xərclərini əhəmiyyətli dərəcədə azaldır və layihələrin daha operativ şəkildə reallaşmasına şərait yaradır.

Qeyd edilənlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə sosial sığorta, kommunal xidmətlər və əmək münasibətləri ilə bağlı müvafiq güzəştlər tətbiq olunur.

Dövlətin təqdim etdiyi dəstək və güzəştlər Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə güclü stimul verir. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə rezident statusu alan sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır, yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayır, istehsal olunmuş məhsullar artıq ixrac edilir. Bu da bölgədə real sektorun formalaşmasına və dayanıqlı iqtisadi təməllərin qurulmasına şərait yaradır.

Bu stimullar məşğulluğun artırılmasına da mühüm töhfə verir. Yeni müəssisələrin fəaliyyətə başlaması yerli əhalinin əmək bazarına reinteqrasiyasını, ixtisaslı kadrların bölgəyə cəlb olunmasını sürətləndirir.

Ümumilikdə dövlətin təqdim etdiyi bu geniş dəstək və güzəşt mexanizmləri Qarabağ və Şərqi Zəngəzurun müasir, innovativ və rəqabətqabiliyyətli iqtisadi məkan kimi formalaşmasına xidmət edir.