BİZNES

25 Dekabr

SOCAR-ın reytinqi “stabil”dən “müsbət” proqnoza dəyişdirildi – S&P

Beynəlxalq reytinq agentliyi “SP Global Ratings” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)-ın kredit reytinqi üzrə proqnozunu “stabil”dən “müsbət”ə yüksəldib və reytinqi “BB” səviyyəsində təsdiqləyib. Qərar SOCAR-a dövlət dəstəyinin yüksək ehtimalını əks etdirir və Azərbaycan üzrə suveren reytinq proqnozunun analoji şəkildə yaxşılaşdırılmasından sonra qəbul olunub.

Finss.az agentliyin məlumatına əsasən xəbər verir ki, müsbət proqnoz bir sıra amillərlə şərtlənir. Əsasən, Azərbaycan və Ermənistan arasında gərginliyin azalması, hər iki ölkənin 2026-cı il büdcələrində müdafiə xərclərinin ixtisarı münaqişə risklərini azaldır. Bu tendensiyanın davamı investor etimadını dəstəkləyirCənubi Qafqazda regional ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşması hesabına orta müddətli iqtisadi artımı dayanıqlı edir.

Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondunun (ARDFN) aktivləri, möhkəm fiskal və xarici buferlər SOCAR-ın və dövlətin iqtisadi dayanıqlığını gücləndirir. Agentlik vurğulayır ki, dövlət idarəetmə sektorunun aktivləri üzrə müsbət saldo və aşağı dövlət borcu şokların udulması üçün ehtiyat yaradır və karbohidrogen qiymətlərinin dəyişkənliyini yumşaldaraq makroiqtisadi sabitliyi qoruyur.

“SP” hesab edir ki, geosiyasi risklərin azalması və fiskal ehtiyatların qorunması halında, Azərbaycanın kredit göstəriciləri orta müddətli perspektivdə daha da yaxşılaşacaq. Rəsmi sülh sazişi hələ imzalanmasa da, öhdəliklərin icrası ikitərəfli münasibətlərin konstruktiv mərhələsini göstərir və investisiya mühitini gücləndirir.

Qeyd edək ki, 12 noyabr 2025-ci il tarixində SP SOCAR-ın reytinqini “BB-”dən “BB” səviyyəsinə yüksəltmişdi.

Fuad Mədətov
Finss.az