2025-ci ilin noyabr ayında Azərbaycan fasilədən sonra İspaniyaya xam neft və neft məhsullarının ixracını bərpa edib. Öncəki tədarük 2024-cü ilin dekabr ayında həyata keçirilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat ayında Azərbaycan İspaniyaya 82,576 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edib, dəyəri isə 38,585 milyon ABŞ dollarından çox olub. Qeyd olunur ki, ötən ilin yanvar–noyabr aylarında bu istiqamət üzrə tədarükün həcmi təxminən 250,396 min ton, dəyəri isə 143 milyon ABŞ dolları təşkil etmişdi.
Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə xam neft və neft məhsulları ixrac olunub. İxracın ümumi həcmi 22,1 milyon ton, dəyəri 11,5 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində azalma 1,8 milyard dollar və ya 13,5%, fiziki ifadədə isə artım 576 min ton və ya 2,7% qeydə alınıb.
Fuad Mədətov
Finss.az
