BİZNES

24 Dekabr

Azərbaycanın Rusiyadan idxal etdiyi bitumlu xam neft 1,3 milyon ton olub

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan 590 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 187,3 milyon dollar və ya 24,1%, həcm baxımından isə 148,4 min ton və ya 10,5% azalma deməkdir.

Hesabat dövründə Azərbaycan ümumilikdə 3 ölkədən – Rusiya, Qazaxıstan və İraqdan 648,2 milyon dollar dəyərində 1,4 milyon ton xam neft və neft məhsulları idxal edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 232,9 milyon dollar və ya 26,4%, həcm baxımından isə 219 min ton və ya 13,8% azalma göstərir.

Eyni zamanda, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Fuad Mədətov
Finss.az