2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi 890,3 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə və ya 466,7 milyon dollar artım deməkdir. Hesabat dövründə İsveçrə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2%-ni təşkil edib və ölkə ən çox ticarət əməliyyatları aparılan 9-cu partner olub.
Yanvar-noyabr aylarında Azərbaycandan İsveçrəyə 411,9 milyon dollar dəyərində məhsul ixrac edilib, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. İxracın 315,2 milyon dollarını qeyri-neft məhsulları təşkil edib ki, bu da 1,6 dəfə artım deməkdir. Qeyri-neft məhsulları İsveçrəyə ümumi ixracın 9,5%-ni təşkil edərək, ölkənin ən çox qeyri-neft məhsulları ixrac etdiyi 3-cü partnerinə çevrilib.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayında Azərbaycandan İsveçrəyə 96,6 milyon dollar dəyərində, 172,9 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və xam neft məhsulları ixrac olunub. Qeyd edək ki, ötən ilin eyni dövründə bu məhsulların ixracı qeydə alınmamışdı.
Hesabat dövründə İsveçrədən Azərbaycana 478,4 milyon dollar dəyərində idxal həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artım deməkdir.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir. İxrac 23,401 milyard dollar, idxal isə 21,188 milyard dollar təşkil edib. Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalsa da, idxal 2,416 milyard dollar və ya 12,9% artıb. Nəticədə xarici ticarətdə 2,213 milyard dollar məbləğində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 2,5 dəfə azdır.
Fuad Mədətov
Finss.az
