Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində 2025-ci ilin yekunlarına Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqinin ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə 2025-ci il üzrə Yekun Hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib.
Finss.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi açılışında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb. Qeyd olunub ki, 2025-ci il AQC üçün qiymətləndirmə institutunun möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşma baxımından əlamətdar mərhələ olub.
Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Cəmiyyətin əsas məqsədi qiymətləndirmə fəaliyyətində şəffaflığın artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda institutun rolunun möhkəmləndirilməsidir. O, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığının genişləndirildiyini diqqətə çatdırıb.
Tədbirdə ilk təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatı, komitə sədri Fazil Mustafa AQC-nin fəaliyyətinin qiymətləndirmə sektorunun inkişafında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Daha sonra çıxış edən Razi Nurullayev, Vüqar Bayramov, Ceyhun Məmmədov və Səbinə Salmanova qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatında mühüm rol oynadığını qeyd ediblər. Deputatlar yeni qanunun qəbulu, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ixtisas imtahanlarının təşkili prosesində AQC-nin rolunu xüsusi vurğulayıblar.
Tədbirdə UNEC tərəfindən AQC sədri Vüqar Oruca sertifikat təqdim olunub. Sertifikatı UNEC Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə təqdim edib.
Tədbir çərçivəsində 2025-ci il üzrə yekun hesabat videoçarx formatında təqdim olunub. Hesabatda layihələr, beynəlxalq əməkdaşlıqlar, təlimlər və regionlarda xidmətlərin əlçatanlığının artırılması əks olunub.
Rəsmi hissənin sonunda AQC-nin fəal üzvlərinə və media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.
Tədbirin təşkilinə dəstək göstərən VECON Consulting MMC, Fame Pro, Expert Audit MMC, International Price Center, Baku Property Services və Azer Business Consulting şirkətlərinə xüsusi təşəkkür ifadə olunub.
Rəsmi hissədən sonra tədbir Yeni İl və Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə bayram proqramı ilə davam edib, iştirakçılara xoş arzular və hədiyyələr təqdim olunub.













