BİZNES

23 Dekabr

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,508 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 129,8 milyon dollar və ya 3% çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,11%-i olub və Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 3-cü pillədə qərarlaşıb.

Cari dövrdə Azərbaycandan Rusiyaya 1,088 milyard dollar dəyərində məhsul ixrac olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon dollar və ya 0,3% artım deməkdir. İxrac olunan məhsulların 1,079 milyard dolları qeyri-neft məhsullarıdır, bu göstərici illik müqayisədə 10,78 milyon dollar və ya 1% artım deməkdir. Qeyri-neft məhsullarının ixrac payı ümumi ixracın 32,52%-i təşkil edib və bu göstərici ilə Rusiya Azərbaycanın ən böyük qeyri-neft məhsulları alıcısı olub.

Eyni dövrdə Rusiyadan Azərbaycana 3,420 milyard dollar dəyərində məhsul idxal olunub, bu da 126 milyon dollar və ya 3,8% artım deməkdir. Hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard dollar dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 513,275 milyon dollar (6,7%) artım, həcm baxımından isə 718 milyon kubmetr (3%) azalma deməkdir. Təbii qazın ümumi ixracdakı payı 34,69% təşkil edib.

Ümumilikdə isə Azərbaycan 2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrlə 44,589 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Xarici ticarət dövriyyəsinin 23,401 milyard dolları ixrac, 21,188 milyard dolları idxal payına düşüb. Son 1 ildə ixrac 937 milyon dollar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Nəticədə, xarici ticarətdə 2,213 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az