2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 4,214 milyard ABŞ dolları təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 816,1 milyon dollar və ya 24% artım deməkdir.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,45%-i səviyyəsində olub və ölkə hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 4-cü pillədə qərarlaşıb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Çinə 79,6 milyon dollar dəyərində məhsul ixrac olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Eyni dövrdə Çindən Azərbaycana isə 4,1 milyard dollar dəyərində məhsul idxal edilib, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 749,4 milyon dollar və ya 22,2% artım deməkdir. Hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə olub.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard dollar dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 513,275 milyon dollar və ya 6,7% artım, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azalma deməkdir. Təbii qazın ölkənin ümumi ixracında payı 34,69% təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Ümumi dövriyyədə ixrac 23,401 milyard, idxal isə 21,188 milyard dollar təşkil edib. Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalaraq, idxal isə 2,416 milyard dollar və ya 12,9% artaraq qeydə alınıb. Nəticədə xarici ticarətdə 2,213 milyard dollar məbləğində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə təxminən 2,5 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
