2025-ci ilin 20 mart – 21 noyabr dövründə İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 66,6%, çəki baxımından 59,7% azalıb.
Finss.az İranın Gömrük Administrasiyasına istinadən xəbər verir ki, 8 ay ərzində İran Azərbaycandan təxminən 7,53 milyon dollar dəyərində 3,74 min ton məhsul idxal edib. Ötən ilin eyni dövründə bu göstərici təxminən 22,6 milyon dollar dəyərində və 9,29 min ton olmuşdu.
İran Azərbaycandan əsasən müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və digər məhsullar idxal edib.
Eyni dövrdə İran-Azərbaycan arasında qeyri-neft məhsul ticarəti təxminən 398 milyon dollar dəyərində, 580 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17,6%, həcm baxımından 2,45% azalma deməkdir.
Qeyd olunur ki, İranın ümumi idxalı 8 ayda 39,5 milyard dollar dəyərində 25,8 milyon ton təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 14,3% azalma, həcm baxımından isə 3% artım müşahidə olunub.
