Cari İran ilinin ilk 8 ayı ərzində (20 mart – 21 noyabr 2025) İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart – 20 noyabr 2024) müqayisədə dəyər ifadəsində 15,2%, çəki baxımından isə 1,54% azalıb.
Finss.az İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verir ki, hesabat dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı 390 milyon ABŞ dolları dəyərində təxminən 576 min ton təşkil edib.
Məlumata görə, ötən ilin analoji dövründə bu göstərici 460 milyon ABŞ dollarından çox dəyərdə və 585 min ton olub.
Statistik məlumatlarda qeyd olunur ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsulları, eləcə də sənaye, neft-kimya və kimyəvi məhsullar ixrac edib.
Eyni zamanda bildirilir ki, cari İran ilinin ilk 8 ayı ərzində İran–Azərbaycan arasında qeyri-neft məhsulları üzrə ticarət dövriyyəsi təxminən 398 milyon ABŞ dolları dəyərində və 580 min ton təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17,6%, çəki baxımından isə 2,45% azalıb.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının məlumatına əsasən, cari İran ilinin 8 ayı ərzində ölkənin ümumi məhsul ixracı təxminən 37 milyard ABŞ dolları dəyərində və 105 milyon ton olub. Bu göstərici illik müqayisədə dəyər baxımından 3,48% azalıb, çəki baxımından isə 1,17% artıb.
