2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan ümumilikdə 11,5 milyard ABŞ dollarından çox məbləğdə təxminən 22,1 milyon ton xam neft və neft məhsulları ixrac edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyər ifadəsində 1,8 milyard ABŞ dolları və ya 13,5% azaldığı, həcm ifadəsində isə 576 min ton və ya 2,7% artdığı qeydə alınıb.
Hesabat dövründə Azərbaycanın xam neft və neft məhsulları ixrac etdiyi əsas ölkələr arasında İtaliya ilk sırada qərarlaşıb. Belə ki, yanvar–noyabr aylarında bu ölkəyə 12,8 milyon ton həcmində, 6,5 milyard ABŞ dolları dəyərində neft ixrac olunub.
İkinci yerdə Çexiya (1,4 milyon ton, 742,2 milyon ABŞ dolları), üçüncü yerdə isə Xorvatiya (1,3 milyon ton, 666,6 milyon ABŞ dollarından çox) yer alıb.
Cari ilin ilk 11 ayında Azərbaycandan xam neft və neft məhsulları idxal edən ölkələrin ilk onluğu aşağıdakı kimi formalaşıb:
- İtaliya – 12 670 719,72 ton / 6 524 604 650 ABŞ dolları
- Çexiya – 1 405 059,25 ton / 742 159 080 ABŞ dolları
- Xorvatiya – 1 255 021,16 ton / 666 587 010 ABŞ dolları
- Rumıniya – 1 043 111,41 ton / 559 691 190 ABŞ dolları
- Almaniya – 956 716,48 ton / 502 018 650 ABŞ dolları
- Portuqaliya – 803 374,35 ton / 430 730 820 ABŞ dolları
- Yunanıstan – 590 674,03 ton / 313 840 720 ABŞ dolları
- Böyük Britaniya – 514 926,69 ton / 273 052 390 ABŞ dolları
- İrlandiya – 524 907,84 ton / 267 776 630 ABŞ dolları
- Tunis – 370 471,31 ton / 198 705 680 ABŞ dolları
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç əsas neft kəməri vasitəsilə daşınır. Bunlar Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC) kəmərləridir. Hazırda Bakı–Supsa neft kəməri ilə nəql prosesi dayandırılıb.
Fuad Mədətov
Finss.az
