BİZNES

23 Dekabr

Azərbaycanda dəmir yolu ilə yük ixracı artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan dəmir yolu nəqliyyatı vasitələri ilə 2,785 milyard ABŞ dolları dəyərində 6,435 milyon ton beynəlxalq yük daşınıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 225,1 milyon ABŞ dolları və ya 7,5%, həcm ifadəsində isə 522,1 min ton və ya 7,5% azalma deməkdir.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə Azərbaycandan 826,2 milyon ABŞ dolları dəyərində 2,509 milyon ton yük ixrac edilib. Bu, illik müqayisədə dəyər baxımından 29,8 milyon ABŞ dolları və ya 3,8% artım, həcm ifadəsində isə 71,9 min ton və ya 2,8% azalma ilə müşahidə olunub.

Eyni zamanda, cari ilin ilk 11 ayında dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycana 1,959 milyard ABŞ dolları dəyərində 3,926 milyon ton yük idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 254,9 milyon ABŞ dolları və ya 11,5%, həcm baxımından isə 450,2 min ton və ya 10,3% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,5 milyard ABŞ dolları və ya 3,4% artım, həcm ifadəsində isə 642,4 min ton və ya 1,2% azalma ilə xarakterizə olunur.

Hesabat dövründə daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton yük ixrac edilib ki, bu da dəyər baxımından 936,6 milyon ABŞ dolları və ya 3,8% azalma, həcm ifadəsində isə 249,2 min ton və ya 0,6% artım deməkdir.

Eyni zamanda, ilin ilk 11 ayında ölkəyə 21,188 milyard ABŞ dolları dəyərində 9,662 milyon ton yük idxal edilib. Bu göstərici dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 12,9% artım, həcm baxımından isə 891,6 min ton və ya 8,4% azalma ilə qeydə alınıb.

Fuad Mədətov
Finss.az