BİZNES

23 Dekabr

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri 50% artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan hava nəqliyyatı vasitələri ilə 7,040 milyard ABŞ dolları dəyərində 40 142 ton beynəlxalq yük daşınıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,346 milyard ABŞ dolları və ya 50% artım, həcm baxımından isə 37 430 ton və ya 48,2% azalma deməkdir.

Hesabat dövründə hava nəqliyyatı ilə Azərbaycandan 345,050 milyon ABŞ dolları dəyərində 27 536 ton yük ixrac edilib. Bu, illik müqayisədə dəyər baxımından 27,8 milyon ABŞ dolları və ya 8,8% artım, həcm ifadəsində isə 36 878 ton və ya 57,2% azalma ilə müşahidə olunub.

Eyni zamanda, cari ilin ilk 11 ayında hava nəqliyyatı vasitəsilə Azərbaycana 6,645 milyard ABŞ dolları dəyərində 12 606 ton yük idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,268 milyard ABŞ dolları və ya 51,8% artım, həcm baxımından isə 552 ton və ya 4,2% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, illik müqayisədə dəyər ifadəsində 1,5 milyard ABŞ dolları və ya 3,4% artım, həcm baxımından isə 642,4 min ton və ya 1,2% azalma ilə xarakterizə olunur.

Hesabat dövründə Azərbaycandan daşınan yüklərin ixrac həcmi 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton təşkil edib. Bu göstərici dəyər baxımından 936,6 milyon ABŞ dolları və ya 3,8% azalma, həcm baxımından isə 249,2 min ton və ya 0,6% artım deməkdir.

Eyni zamanda, ilin ilk 11 ayında ölkəyə 21,188 milyard ABŞ dolları dəyərində 9,662 milyon ton yük idxal edilib ki, bu da dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 12,9% artım, həcm baxımından isə 891,6 min ton və ya 8,4% azalma ilə nəticələnib.

Fuad Mədətov
Finss.az