BİZNES

22 Dekabr

Kanada, Yaponiya və ərəb ölkələrindən Kəlbəcər balına sifarişlər var

Kəlbəcərin işğaldan azad olunmasından sonra 2021-ci ildə bölgədə pilot layihələrdən biri kimi fəaliyyətə başlayan arıçılıq təsərrüfatı Prezident İlham Əliyevin diqqətini çəkib. Prezident 2021-ci ilin avqust ayında təsərrüfatı ziyarət edərək Kəlbəcər balının unikal dadı və keyfiyyətini vurğulamış, balın daxili bazarda təmin olunması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlərin aparılmasını tövsiyə etmişdi.

Bu sözləri Finss.az-a açıqlamasında “Balland” Kəlbəcər balı mağazalar şəbəkəsinin rəhbəri Ruslan Mustafayev bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə təsərrüfat “Balland” markası altında Kəlbəcərdə öz mağazasını açıb. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Mağaza həm Kəlbəcərdə, həm də Bakıda fəaliyyət göstərir. Məqsəd gənc arıçılara məşğulluq imkanı yaratmaq, məhsullarını markalaşdırmaq və həm yerli, həm də xarici bazara çıxışını təmin etməkdir.

“Kəlbəcər balı unikal relyef və zəngin flora sayəsində fərqlənir. Bölgədə 250-dən çox bal verən bitki növü mövcuddur: dağ çiçəkləri, yaylaq çiçəkləri, meşə qaratikanı və kəklikotu bunlardan yalnız bir neçəsidir. Hazırda təsərrüfat cökə, dağ çəmən və yaylaq balı istehsal edir. Həmçinin arı südü, propolis, arı çörəyi, çiçək tozu və mum kimi digər arı məhsulları da təqdim olunur,” – R.Mustafayev qeyd edib.

Rəhbərin sözlərinə görə, istehsal əsasən yerli bazarın təminatına yönəlib, lakin yaxın gələcəkdə güc artırılaraq xarici bazara ixrac prosesi başlanacaq.

“Artıq Kanada, Yaponiya və Ərəb ölkələrindən sifarişlər mövcuddur. Təsərrüfatda 7–8 nəfər çalışır və onların yarısı yerli sakinlərdir,” – R.Mustafayev əlavə edib.

Hazırda “Balland” markası altında həm Kəlbəcər, həm də Bakı mağazalarında bal və digər arı məhsulları satılır, onlayn sifarişlər də böyük maraq doğurur. Təsərrüfat ailə əməyinə və illərin təcrübəsinə əsaslanaraq keyfiyyətli və unikal Kəlbəcər balı istehsal etməyə davam edir.

Qeyd olunur ki, Kəlbəcər balı yalnız dad və aroma baxımından deyil, həm də müalicəvi xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Arıçılıq bölgədə nəsildən-nəslə ötürülən peşədir və yerli təsərrüfatların mühüm gəlir mənbəyini təşkil edir.

Fuad Mədətov
Finss.az