2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yük daşımalarının həcmi və dəyəri açıqlanıb.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə avtomobil nəqliyyatı ilə 5,778 milyon ton yük daşınıb ki, bu da 12,397 milyard ABŞ dolları dəyərindədir. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,029 milyard dollar və ya 9,1%, həcm baxımından isə 396,8 min ton və ya 7,4% artım qeydə alınıb.
Hesabat dövründə avtomobil vasitəsilə ixrac 2,462 milyon ton yük təşkil edib və bunun dəyəri 2,287 milyard ABŞ dolları olub. Bu göstəricilər illik müqayisədə dəyər baxımından 19,7%, həcm baxımından isə 16,3% artım göstərir.
İdxal isə 3,315 milyon ton yük olub və dəyəri 10,110 milyard ABŞ dolları təşkil edib. İdxalda dəyər baxımından 6,9%, həcm baxımından isə 1,6% artım müşahidə olunub.
Yanvar-noyabr aylarında Azərbaycanda bütün yüklərin daşınması üzrə ümumi həcm 53,808 milyon ton, dəyəri isə 44,589 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,5 milyard dollar və ya 3,4% artım, həcm baxımından isə 642,4 min ton və ya 1,2% azalma qeydə alınıb.
Ümumilikdə, yüklərin daşınma vasitələri üzrə ixrac 44,146 milyon ton və 23,401 milyard ABŞ dolları dəyərində, idxal isə 9,662 milyon ton və 21,188 milyard ABŞ dolları dəyərində olub. İxracda dəyər baxımından 3,8% azalma, həcm baxımından 0,6% artım, idxalda isə dəyər baxımından 12,9% artım, həcm baxımından isə 8,4% azalma müşahidə olunub.
Fuad Mədətov
Finss.az
