BİRJA

22 Dekabr

Qızılın qiyməti tarixi rekorda çatdı

Finss.az xəbər verir ki, Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini daha da yumşaltması ilə bağlı gözləntilər, eləcə də ABŞ ilə Venesuela arasında mümkün yeni gərginlik fonunda qlobal bazarlarda qızılın qiyməti kəskin bahalaşıb.

Bazar ertəsi günü keçirilən ticarət zamanı qızılın spot qiyməti 1,1% artaraq unsiyası üçün 4386 dollara yüksəlib. Bununla da qızıl 4380 dollar həddini keçərək tarixi rekordunu yeniləyib. Analitiklər bu artımı investorların qeyri-müəyyənlik şəraitində qızılı təhlükəsiz investisiya aləti kimi seçməsi ilə əlaqələndirirlər.

Qızılın bahalaşması fonunda digər qiymətli metalların qiymətlərində də artım müşahidə olunub. Belə ki, gümüşün qiyməti 2,6% artaraq unsiyası üçün 68,87 dollara çatıb. Eyni zamanda, platin 3,9%, palladium isə 4,5% bahalaşıb.

Mütəxəssislərin fikrincə, FED-in faiz dərəcələri ilə bağlı yumşaq mövqeyi, geosiyasi risklər və dolların mövqeyindəki dəyişikliklər qiymətli metallar bazarında yüksəliş meyillərini gücləndirir. Yaxın dövrdə də qızıl və digər metalların qiymətlərinin qlobal iqtisadi və siyasi proseslərdən asılı olaraq dalğalanacağı gözlənilir.