BİZNES

19 Dekabr

Azərbaycanın təbii qaz ixracından gəliri artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan xaricə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 513,275 milyon dollar və ya 6,7% artıb, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azalma göstərib. Hesabat dövründə təbi qazın ölkənin ümumi ixracındakı payı 34,69% təşkil edib.

Eyni dövrdə Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Xarici ticarət dövriyyəsinin 23,401 milyard dolları ixracın, 21,188 milyard dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalsa da, idxal 2,416 milyard dollar və ya 12,9% artıb. Nəticədə, xarici ticarətdə 2,213 milyard dollar həcmində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az