BİZNES

19 Dekabr

SOCAR-ın STAR NEZ-də neft idxalı və yanacaq istehsalı artıb

2025-ci ilin oktyabr ayında Türkiyədə SOCAR-ın idarə etdiyi STAR neft emalı zavoduna (NEZ) neft idxalı kəskin artıb.

Finss.az Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə zavod 988,771 ton neft qəbul edib ki, bu da ötən ilin oktyabr ayındakı 201,588 tonla müqayisədə 4,9 dəfə çoxdur.

STAR NEZ ay ərzində 597,699 ton dizel, 117,176 ton aviasiya yanacağı, 8,160 ton ağır vakuum qazoylu, 28,339 ton mayeləşdirilmiş neft qazı (LPG), 129,330 ton nafta, 69,754 ton neft koksu və 15,352 ton yüksək kükürdlü dizel istehsal edib.

Qeyd olunur ki, 5 sentyabr 2024-cü ildən zavod iki aylıq planlı texniki xidmət və modernləşdirmə işlərinə görə dayandırılmışdı, lakin bu işlər uğurla başa çatdırılıb və istehsal gücləri artırılıb. STAR NEZ 2018-ci ildən fəaliyyət göstərir və Türkiyə iqtisadiyyatında ən iri investisiya layihələrindən biri hesab olunur.

Fuad Mədətov
Finss.az