BİZNES

19 Dekabr

Azərbaycan Türkiyəyə təbii qaz tədarükündə mövqeyini gücləndirib

2025-ci ilin oktyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz tədarükündə mövqeyini gücləndirib.

Finss.az Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyə Azərbaycandan 996,80 milyon kubmetr qaz idxal edib ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1,17% azdır.

Beləliklə, Azərbaycan İranı geridə qoyaraq Türkiyəyə qaz tədarükündə ikinci ən böyük ölkə mövqeyinə yüksəlib. Eyni dövrdə Türkiyə İrandan 820,11 milyon kubmetr (5,33% azalma) və Rusiyadan 1,629 milyard kubmetr qaz alıb.

Ümumilikdə, Türkiyənin oktyabr ayında qaz idxalı 4,105 milyard kubmetr təşkil edib ki, bu da illik müqayisədə 3,86% artım deməkdir. Boru kəməri ilə idxal 3,445 milyard kubmetr (3,92% azalma), mayeləşdirilmiş qaz isə 659,40 milyon kubmetr (80,05% artım) olub.

Fuad Mədətov
Finss.az