2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən 17 biznes subyektinə “Dayaq” mükafatı təqdim edilib.
Finss.az xəbər verir ki, 2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki artımları, əmək müqavilələrinin sayının 45% və ya 595 min artdığını, bu artımın 92%-nin özəl sektorun payına düşdüyünü diqqətə çatdırıb. 2018-2025-ci illərdə əməkhaqqı fondunda 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artım olduğunu deyən nazir qeyd edilən dövrdə Nazirlik tərəfindən 2,1 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib.
Anar Əliyev ölkəmizdə dayanıqlı mexanizmlərə əsaslanan sosial tərəfdaşlıq sisteminin formalaşdığını, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin imzalandığını, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın uğurlu fəaliyyətini qeyd edib və “Dayaq” mükafatına layiq görülən iştirakçıları təbrik edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2025-ci ilin iqtisadi mənzərəsi və özəl sektorun inkişaf göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb və xarici investisiyalar üçün əlverişli şərait yaranıb.
Qeyri-neft-qaz sektorunun inkişafı nəticəsində bu sahə 2021–2024-cü illərdə orta hesabla 6,7% artıb, onun iqtisadiyyatda payı 70%-dən çoxdur. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir.
Elnur Əliyev həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdış prosesində dövlət–özəl əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında KOB-ların dayanıqlı iqtisadi inkişafda artan rolu və dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər.
Sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar 17 müxtəlif nominasiya üzrə mükafatlandırılıblar.
Tədbir çərçivəsində “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə təşkil olunub. Paneldə KOB-larla bağlı əsas çağırışlar, yeni imkanlar, dövlət dəstəyi və innovativ yanaşmalar müzakirə edilib.
Eyni zamanda tədbir çərçivəsində KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinin qalibləri təqdim edilib. Qeyd olunub ki, indiyədək 129 KOB layihəsinə 2,2 milyon manatdan çox qrant vəsaiti ayrılıb.
Həmçinin tədbirdə 2025-ci ildə uğur qazanmış sahibkarlar uğur hekayələrini bölüşüb, startaplar innovativ layihələrini təqdim edib, sahibkarlıqla bağlı film nümayiş olunub.
Qeyd edək ki, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi sahibkarların uğurlarının tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət–özəl sektor əməkdaşlığının möhkəmləndirilməsidir.
“Dayaq” mükafatı sahibkarlara təşəkkür olmaqla yanaşı, biznesin daha böyük hədəflərə doğru irəliləməsi üçün çağırışdır.
Fuad Mədətov
Finss.az

















