BİRJA

18 Dekabr

FED gözləntiləri platin bazarını hərəkətə gətirdi

Finss.az xəbər verir ki, ABŞ-da pul siyasətinin yumşaldılması ilə bağlı gözləntilərqiymətli metal çatışmazlığına dair narahatlıqlar fonunda platin qiymətləri cümə axşamı günü yüksələrək yeni çoxillik zirvələrə çatıb.

Trading Economics-in məlumatına görə, platin qiymətləri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. İlin əvvəlindən bu yana qiymətli metalın dəyəri 2,2 dəfə artıb, bu da bazarda güclü investor marağının formalaşdığını göstərir.

Ekspertlər platin bazarındakı bahalaşmanı FED-in gələcəkdə faiz dərəcələrini bir neçə dəfə azalda biləcəyi ilə bağlı gözləntilər, eləcə də təklif məhdudiyyətləri və istehsal riskləri ilə əlaqələndirirlər.

Eyni zamanda palladium da bahalaşma nümayiş etdirib. Belə ki, metalın qiyməti 3,3% artaraq unsiyası üçün 1 777 dollara yüksəlib ki, bu da son üç ilin ən yüksək göstəricisi hesab olunur.

Analitiklərin fikrincə, avtomobil sənayesi və sənaye istehsalında istifadə olunan bu metallar üzrə təklif-tələb balansının pozulması qiymət artımını yaxın dövrdə də dəstəkləyə bilər.