BİZNES

18 Dekabr

Bakı Beynəlxalq Dəniz Limanında konteyner yükaşırması ilk dəfə 100 000 TEU-ya çatıb

2025-ci ildə Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner yükaşırması ilk dəfə olaraq 100 000 TEU həddini keçib. Bu nailiyyət, Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli fərmanı ilə Bakı Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdirilməsi nəticəsində formalaşan vahid nəqliyyat idarəetmə sisteminin səmərəliliyini göstərir.

Bu barədə Finss.az-a ADY-dən məlumata verilib.

Məlumata görə, dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırma proseslərini sürətləndirib və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb. 2025-ci ilin sentyabrında fəaliyyətə başlayan Vahid Keçid Mərkəzi limanda əməliyyatların daha çevik icrasına dəstək verərək yükaşırma göstəricilərinin davamlı artımına səbəb olub.

Bakı Limanı regionun və Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə əsas qovşaqlardan biri kimi strateji əhəmiyyət kəsb edir. Global tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya ən təhlükəsiz, çevik və qısa tranzit marşrut kimi üstünlüyünü qoruyur. Liman həmçinin “Yaşıl Liman” (EcoPort) sertifikatı almış ilk regional liman olaraq əməliyyatlarını beynəlxalq ekoloji standartlara uyğun təşkil edir.

Konteyner yükaşırmasında artım dinamikası da diqqətəlayiqdir. 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395 TEU, 2024-cü ildə isə 76 775 TEU konteyner daşınmışdı. Cari ilin nəticəsi isə illik 100 000 TEU həddinin aşılmasını göstərir ki, bu da limanın konteyner əməliyyatlarının səmərəliliyini vurğulayır.

Ümumilikdə limanın yükaşırma göstəriciləri də əhəmiyyətli şəkildə artıb. Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə 3,787 milyon ton yük daşınmışdısa, 2025-ci ilin yanvar–noyabr aylarında bu rəqəm 7,547 milyon tona yüksəlib.

Son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə möhkəmlənir. Yeni logistik əməkdaşlıqlar və müasir infrastruktur nəticəsində yük əməliyyatları sürətlənib və həcm artır. Belə ki, 2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% artım deməkdir.

Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərin tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi regionda yük həcmlərinin artmasına, ticarət əlaqələrinin genişlənməsinə və Azərbaycanın iqtisadiyyatına əlavə dəyərin yüksəlməsinə imkan yaradır.

Fuad Mədətov
Finss.az