Finss.az - 2020-ci ildən etibarən Azərbaycanda tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması və nağdsız ödənişlərin artırılması istiqamətində mühüm nəticələr verir.
Son 5 ildə nağdsız ödənişlərin həcmi, dövriyyələrin şəffaflaşması və alış-veriş çeklərinə olan ictimai marağın artması layihənin effektivliyini təsdiqləyir.
Layihənin uğurlu nəticələri onun əhatəsinin tədricən genişləndirilməsinə imkan yaradıb. Hazırda fiziki şəxslərə bina tikintisi fəaliyyəti, teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr konsertləri, film nümayişləri və tibbi xidmətlər üzrə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması təmin edilir.
DVX-nin açıqladığı rəqəmlərə görə, 2025-ci ilin yanvar–noyabr aylarında pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik orkestr konsertləri və tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar vasitəsilə geri qaytarılmış həcmi 172,323 milyon manat təşkil edib.
Eyni zamanda, yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 25,054 milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat və ya 13,1% çoxdur.
2026-cı ildən etibarən layihənin daha da genişləndirilməsi nəzərdə tutulur. Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə də “ƏDV geri al” mexanizmi tətbiq olunacaq.
DVX-nin Vergi siyasəti idarəsinin rəisi Rəşad Nuriyev Finss.az-a bildirib ki, layihənin məqsədi sahibkarlığın leqallaşması, “kölgə iqtisadiyyatı”nın azaldılması və uçotun dürüstləşdirilməsidir.
O vurğulayıb ki, layihənin davamlılığı vətəndaşların birbaşa iştirakını təmin edəcək, xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar ödənişlərini daha açıq şəkildə rəsmiləşdirəcəklər. Nəticədə ölkədə vergi nəzarətinin səmərəliliyi yüksələcək və iqtisadiyyat daha şəffaf olacaq.
Fuad Mədətov
Finss.az

