BİZNES

18 Dekabr

"Biznesə daxilolma" İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rəhbərlik edilən “Biznesə daxilolma” İşçi qrupunun iclası təşkil edilib.

Finss.az xəbər verir ki, tədbirdə işçi qrup üzvləri, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri, DVX-nin rəis müavini Samirə Musayeva, görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, cari il ərzində Azərbaycanda biznesə başlama sahəsində görülən işlər barədə məlumat verib. O, işçi qrupun hüquqi təşəbbüslərini vurğulayıb və bildirib ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və notariat proseslərinin elektronlaşdırılması, asanlaşdırılması və reyestrdə proaktiv qeydiyyat təmin olunacaq. Bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” qanunlarda dəyişiklik layihələri Milli Məclisin müzakirəsinə təqdim edilib.

DVX-nin rəis müavini Samirə Musayeva 2025-ci il Yol Xəritəsi çərçivəsində hüquqi şəxslərin qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, benefisiar mülkiyyətçi məlumatlarının reyestrdə aparılması üçün hüquqi və texniki imkanlar artıq təmin olunub.

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Seymur İsmayılov, xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş sənədlərinin notarius tərəfindən distant rəsmiləşdirilməsi və qeydiyyat orqanına təqdim olunması prosesi barədə məlumat verib. Hazırda layihənin texniki hazırlığı davam edir.

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Tamerlan Babayev, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliklər çərçivəsində “Konsul leqallaşdırılması” informasiya sisteminin yaradılması və sistem üzərindən sənədlərin qeydiyyat orqanına göndərilməsi üzrə görülən işlər barədə danışıb. Sistem üçün 37 diplomatik missiya üçün avadanlıqlar alınıb, hüquqi və texniki təminat işləri aparılır.

İclas zamanı biznesin təsis edilməsi proseslərinin təkmilləşdirilməsi, benefisiar mülkiyyətçi məlumatlarının reyestrdə qeydiyyatı, həmçinin qanuna edilmiş dəyişikliklərin praktik tətbiqi barədə fikir mübadiləsi aparılıb. Konsaltinq şirkətləri bu mövzuda əlavə görüşlərin keçirilməsi təklifini irəli sürüblər.

Qeyd edək ki, “Biznesə daxilolma” İşçi qrupuna rəhbərlik DVX tərəfindən həyata keçirilir və məqsəd Azərbaycanda biznesə başlama proseslərinin sadələşdirilməsi və şəffaflığının artırılmasıdır.