Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması və nəticə indikatorları üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə əsas icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova Fəaliyyət Planının icrası istiqamətində 2026-cı il üzrə qarşıda duran vəzifələr, dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması məqsədilə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsinə dair yanaşmaları diqqətə çatdırıb. Daha sonra, Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Arzu Süleymanov tərəfindən indikativ planlama cədvəli təqdim olunaraq, dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılmışdır. Fəaliyyət Planının icra müddətinin 2026-cı ildə yekunlaşacağı diqqətə çatdırılaraq, icra prosesində institusional koordinasiya, nəticəyönümlü yanaşma və hesabatlılıq məsələləri üzrə ümumi mövqelər formalaşdırılıb.
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dəmir Yolları QSC və Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” nın təsdiq edilməsinə dair 23 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.



