BİZNES

18 Dekabr

Azərbaycanda 2025-ci ilin ən fəal sahibkarları “Dayaq” mükafatı ilə təltif olunur

2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən ən fəal sahibkarlar mükafatlandırılır.

Finss.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir” devizi altında “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilir.

Tədbirdə 300-dən çox sahibkar, startap nümayəndələri, biznes assosiasiyalarının üzvləri, millət vəkilləri, eləcə də dövlət qurumlarının təmsilçiləri iştirak edirlər.

Mərasim çərçivəsində rəsmi şəxslərin çıxışları, “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə, həmçinin 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatlarının təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq artıq dörd ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim olunur. KOBİA tərəfindən 2022-ci ildə təsis edilən bu mükafatın əsas məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir.

“Dayaq” mükafatı sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaratdıqları dəyərin ictimaiyyətə çatdırılmasına xidmət edir. Bu mükafat yalnız təşəkkür xarakteri daşımır, eyni zamanda biznesin yeni təşəbbüslərə və daha böyük hədəflərə doğru irəliləməsi üçün çağırış, eləcə də dövlətin sahibkarlığın yanında olmasının bariz göstəricisi kimi dəyərləndirilir.

Fuad Mədətov
Finss.az