2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Bolqarıstana 576,8 milyon ABŞ dolları dəyərində 1,589 milyard kubmetr təbii qaz ixrac edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 79,1 milyon ABŞ dolları və ya 16%, həcmi isə 37 milyon kubmetr və ya 2,4% artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan Bolqarıstana 1,552 milyard kubmetr təbii qaz ixrac olunmuş, bu ixracın ümumi dəyəri 497,1 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan xarici bazarlara 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu ixracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları olub. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% artım, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalma deməkdir.
Eyni zamanda, cari ilin yanvar–oktyabr aylarında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm baxımından isə 243,6 milyon kubmetr və ya 49,1% azalıb.
Fuad Mədətov
Finss.az
