2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 52,501 milyon ABŞ dolları dəyərində 153,157 milyon kubmetr təbii qaz ixrac edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, sözügedən dövrdə Suriyaya göndərilən qaz həcmi ölkənin ümumi qaz ixracı strukturunda yeni istiqamət kimi diqqət çəkir.
Qeyd edək ki, 2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb və 2025-ci il avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200–1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan xaricə 20,649 milyard kubmetr təbii qaz ixrac edilib, ixracın ümumi dəyəri isə 7,418 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 569,3 milyon ABŞ dolları və ya 8,3% artım, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalma deməkdir.
Eyni zamanda, bu ilin ilk 10 ayında Azərbaycana 252,158 milyon kubmetr təbii qaz idxal edilib, idxalın dəyəri isə 39,151 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə artım, həcm baxımından isə 49,1% azalma ilə xarakterizə olunur.
Fuad Mədətov
Finss.az
