2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,921 milyard manat sərf olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır. Tikinti sektoruna yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 23,5% təşkil edib.
Hesabat dövründə tikinti sektoruna yönəldilmiş investisiyanın 2,623 milyard manatı mənzil tikintisinə sərf olunub, bu da ötən ilin müvafiq göstəricisinə nisbətən 18,8% artım deməkdir. Mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 15,7% olub.
2025-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinə bütün maliyyə mənbələrindən yönəldilmiş əsas kapital investisiyaları 16,659 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3% artım deməkdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyalar 8,5% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,3% artıb.
Ümumi sərmayənin 8,421 milyard manatı (50,6%) məhsul istehsalı, 5,614 milyard manatı (33,7%) xidmət sahələri, 2,623 milyard manatı (15,7%) isə mənzil tikintisi üzrə yönəldilib. Ümumi sərmayənin 51,1%-i dövlət, 48,9%-i qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76,2%-i tikinti-quraşdırma işlərinə sərf olunub.
Fuad Mədətov
Finss.az
