BİZNES

16 Dekabr

Azərbaycanda yanacaq və qeyri-ərzaq mallarının satış göstəriciləri açıqlanıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,521 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artım deməkdir. Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6 faiz təşkil edib.

Qeyd olunur ki, yanvar–noyabr aylarında pərakəndə ticarət şəbəkəsində ümumilikdə 58,571 milyard manatlıq satış həyata keçirilib. Onun 31,937 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatı isə qeyri-ərzaq malları üzrədir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz olub.

Fuad Mədətov
Finss.az