2025-ci ilin yanvar–noyabr aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 3 milyard 671 milyon manat məbləğində investisiya yönəldilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artım deməkdir.
Statistikaya əsasən, xarici mənbələrdən əsas kapitala yatırılan investisiyaların 2 milyard 828 milyon manatı neft-qaz sektorunun, 843 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb. 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə xarici maliyyə mənbələrindən neft-qaz sektoruna yönəldilən investisiyalar 14,6 faiz, qeyri-neft-qaz sektoruna yatırımlar isə təxminən 2 dəfə artıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar–noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 16 milyard 659 milyon manat investisiya qoyulub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 8,3 faiz artıb.
Ümumi investisiyanın 8 milyard 421 milyon manatı (50,6 faiz) məhsul istehsalı sahələrinə, 5 milyard 614 milyon manatı (33,7 faiz) xidmət sahələrinə, 2 milyard 623 milyon manatı (15,7 faiz) isə yaşayış evlərinin tikintisinə yönəldilib.
Bildirilib ki, ümumi sərmayənin 51,1 faizi dövlət, 48,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Sərmayə qoyuluşunun 76,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.
Eyni zamanda, daxili maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyalar ümumi sərmayənin 78 faizini təşkil edib.
Fuad Mədətov
Finss.az
