Finss.az xəbər verir ki, Netflix Inc. Warner Bros. Discovery (WBD) aktivlərini əldə etmək qərarından geri çəkilmədiyini açıqlayıb. Şirkətin həmsədrləri Qreq Peters və Ted Sarandos qarşıdakı ilin Netflix üçün “mürəkkəb bir proses” olacağını bildiriblər.
Netflix rəhbərliyi Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən və işçilərə ünvanlanan məktubda qeyd edib ki, şirkətin mövqeyi dəyişməz qalır. Bildirilib ki, Netflix və Warner Bros.-un birləşməsi istehlakçılara daha çox seçim və dəyər təqdim edəcək, yaradıcı icmanın daha geniş auditoriyaya çıxmasına şərait yaradacaq və uzunmüddətli böyüməni sürətləndirəcək.
Xatırladaq ki, 5 dekabr tarixində Netflix Warner Bros. Discovery-yə məxsus bir sıra əsas aktivləri – Warner Bros. film studiyasını, HBO televiziya kanalını və HBO Max yayım xidmətini – səhm başına 27,75 dollar qiymətinə əldə etdiyini elan edib. Borclar da daxil olmaqla sövdələşmənin ümumi dəyəri 82,7 milyard dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, bu razılaşma qlobal streaming və media bazarında güc balansını əhəmiyyətli dərəcədə dəyişə biləcək ən iri əməliyyatlardan biri hesab olunur.
