10–11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Take Off İstanbul 2025” beynəlxalq startap sammitində iştirak edib.
Finss.az xəbər verir ki, “ASAN xidmət”in tərəfdaşı olduğu tədbirdə ölkəmiz Azərbaycan stendi ilə təmsil olunub. Stenddə “İnnovasiyalar Mərkəzi”, ASAN AI Hub, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları və yerli innovasiya ekosistemini təmsil edən perspektivli startaplar - “Enverson AI”, “Convitsa”, “Polygraf AI”, “Speakday”, “IOMETE”, “Qmeter”, “Tryverse” və “StarKidStories” təqdim edilib.
İki gün davam edən sammit çərçivəsində Azərbaycan stendi “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, “Take Off Girişim” Zirvəsinin direktoru İrem Bayraktar Aksakal, habelə investorlar və innovasiya ekosisteminin digər əsas iştirakçıları tərəfindən ziyarət edilib. Startapların fəaliyyəti ilə yaxından tanışlıq olub, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirin ikinci günü “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov “Take Off İstanbul 2025” çərçivəsində təşkil olunan “Regional startap ekosistemi: Azərbaycan, Banqladeş, Türkiyə” mövzusunda panel müzakirəsində çıxış edib.
Bu il “Take Off İstanbul” sammiti 40 ölkədən 500-dən çox startapı, 250-dən artıq investoru, 75 maraqlı tərəfi və 11 sponsor təşkilatı bir araya gətirib.
Sammit TEKNOFEST çərçivəsində T3 Fondu, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşəbbüsü ilə təşkil olunaraq regionun ən genişmiqyaslı innovasiya və startap platformalarından biri kimi fəaliyyət göstərir.
Bu platforma innovasiyaların inkişafı üçün əlverişli və maneəsiz mühit formalaşdırmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı nümayəndələrini və şirkətləri bir araya gətirir.






