2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan dünyanın 175 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövrdə ölkə 120 ölkəyə məhsul ixrac edib, 170 ölkədən idxal həyata keçirilib.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixrac və idxal əməliyyatlarının statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 10 ayın yekununda xarici ticarət dövriyyəsi 39,914 milyard ABŞ dolları təşkil edib. Bunun 20,689 milyard dolları ixrac, 19,225 milyard dolları idxal olub və nəticədə 1,463 milyard dollar müsbət saldo yaranıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9% artıb, real ifadədə isə 7,9% azalıb. İdxal real ifadədə 7,9%, ixrac isə 7,8% azalıb. Qeyri-neft-qaz məhsullarının ixracı isə 2,988 milyard dollar təşkil edərək faktiki qiymətlərlə 6,6% artıb, real ifadədə isə 17,7% azalma qeydə alınıb.
Əsas ixrac ölkələri və paylar:
- İtaliya – 46,9%
- Türkiyə – 13,0%
- Rusiya – 4,5%
- Çexiya – 3,3%
- Yunanıstan – 3,1%
- Bolqarıstan – 3,0%
- Xorvatiya – 2,9%
- Gürcüstan – 2,6%
- Almaniya – 2,5%
Qeyri-neft-qaz məhsullarının ixracında isə əsas üstünlük Rusiyaya (32,4%), Türkiyəyə (16,3%), İsveçrəyə (9,7%), Gürcüstana (9,2%) və Ukraynaya (5,7%) verilib.
Əsas idxal ölkələri və paylar:
- Çin – 19,4%
- Rusiya – 16,5%
- Türkiyə – 10,1%
- ABŞ – 5,2%
- Avstraliya – 4,0%
- Birləşmiş Krallıq – 3,9%
- Almaniya – 3,6%
İxrac olunan məhsullar arasında təzə meyvə, tərəvəz, şəkər, siqaret, kartof, bitki yağları, polietilen, pambıq ipliyi və alüminium kimi məhsulların ixracı artıb, meyvə-tərəvəz şirələri, konservlər, tütün və çay ixracı isə azalıb. İdxalda isə buğda, xam şəkər, kartof, mal əti, minik avtomobilləri, polad prokatı, avtobuslar və məişət texnikası idxalı artmış, bitki yağları, kərə yağı, təzə meyvə və sement idxalı isə azalıb.
Fuad Mədətov
Finss.az
