Dekabrın 11-dək əkin aparılmış 100 468,1 hektar sahədən 354 906 ton xam pambıq tədarük olunub.
Finss.az Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən xəbər verir ki, pambıq üzrə orta məhsuldarlıq 35,33 sentner/ha təşkil edir. Bu, 2000-ci ildən bəri qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisidir. Buna qədər ən yüksək göstərici 2020-ci ildə — 33,6 sent/ha olub.
Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə şirkətlər arasında müqaviləli əkin (“contract farming”) formatında aparılır. Müqaviləyə əsasən, şirkət fermeri toxum, gübrə, pestisid, herbisidlə təmin edir, texnika verir və avans ödəyir. Fermer isə məhsulu yetişdirib müəyyən olunmuş qiymətə şirkətə təhvil verməlidir. Bu mexanizm uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.
2025-ci təsərrüfat ilində 16 rayonda pambıq əkilib. Əkinlərin 86%-i ixtisaslaşmış 9 rayonun payına düşür (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan). Bu rayonlarda ümumi əkin sahəsi 86 min hektara yaxındır. Ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.
Bu günədək ən yüksək məhsuldarlıq Beyləqan rayonunda — 41,23 sentner/ha olub. Burada 8 898,3 ha sahədən 36 688,9 ton məhsul yığılıb.
Orta məhsuldarlıq üzrə növbəti yerlər:
- Neftçala – 39,65 sent/ha
- Biləsuvar – 39,49 sent/ha
- Tərtər – 37,50 sent/ha
- Bərdə – 35,90 sent/ha
- Saatlı – 35,78 sent/ha
Bu rayonlarda göstəricilər ümumrespublika orta göstəricisindən yüksəkdir.
Ölkədə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasına əsasən:
- 2025-ci ildə müasir suvarma sistemləri ilə əkilmiş sahələrdə təhvil verilən pambığın hər tonuna 210 manat,
- ənənəvi suvarma ilə yetişdirilmiş pambığın hər tonuna 195 manat subsidiya ödənilir.
Subsidiyanın verilməsi üçün fermerlər pambığın təhvil qəbzlərini 15 dekabradək EKTİS-ə daxil etməlidirlər.
Bu il Şura növbəti il üçün subsidiya məbləğini artırıb. 2026-cı ildə müasir suvarma sistemi olan sahələrdə yetişən pambığın hər tonuna 215 manat, olmayan sahələrdə isə 200 manat subsidiya veriləcək.
Gələn il pambıq üzrə məhsul əmsalı 15 rayona və bir neçə kəndə şamil ediləcək. Digər rayonlarda pambığa görə məhsul subsidiyası verilməyəcək.
Respublikada pambıq yığımı davam edir.
Fuad Mədətov
Finss.az
