BİZNES

12 Dekabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

2025-ci ilin yanvar-noyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq məhsul satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu məbləğin 31,937 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 26,634 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz təşkil edib.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin strukturunda ərzaq məhsullarının payı 50,4 faiz, içkilər və tütün məmulatlarının payı 4,1 faiz olub. Toxuculuq məhsulları, geyim və ayaqqabılar ümumi xərclərin 14,9 faizini, avtomobil benzini və dizel yanacağı 6 faizini, elektrik malları və mebellər 4,8 faizini təşkil edib. Əczaçılıq məhsulları və tibbi ləvazimatlara 2,4 faiz, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 1,4 faiz, digər qeyri-ərzaq mallarına isə 16 faiz vəsait yönəldilib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri real ifadədə 3,7 faiz artaraq pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib. Müəssisələr üzrə satışlar 7 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalar üzrə 4,8 faiz artım nümayiş etdirib.

Hesabat dövründə bir nəfərin pərakəndə ticarət şəbəkəsində ay ərzində aldığı məhsulların dəyəri orta hesabla 519,9 manat olub. Bunun 283,5 manatı ərzaq məhsullarına, içkilər və tütün məmulatlarının, 236,4 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Fuad mədətov
Finss.az