2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 57,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz azdır.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, sektorlar üzrə neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalaraq, qeyri-neft-qaz sektorunda isə 4,8 faiz artıb.
Sənaye məhsulunun strukturu üzrə istehsalın 60,6 faizi mədənçıxarma sektoruna, 33 faizi emal sektoruna, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoruna, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoruna düşüb.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalarkən, əmtəəlik qaz hasilatı 1,1 faiz artıb.
Emal sektorunda isə əczaçılıq məhsullarının istehsalı 94,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 60,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 49,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7 faiz, tütün məmulatlarının istehsalı 13,2 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz artıb.
Eyni zamanda, içkilərin istehsalı 1,6 faiz, tikinti materiallarının istehsalı 3,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 4,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,6 faiz, maşın və avadanlıqların istehsalı 8,7 faiz, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, mebel istehsalı 10,0 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, poliqrafiya məhsullarının istehsalı 18,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,9 faiz, geyim istehsalı 20,0 faiz, kağız və karton istehsalı 26,2 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 33,9 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3 faiz artıb.
Fuad Mədətov
Finss.az
