2025-ci ilin noyabr ayında Azərbaycanda istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5% artıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, əsas kateqoriyalar üzrə qiymət artımı belə olub: qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1%, qeyri-qida məhsulları üzrə 2,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7%.
Ötən ayla müqayisədə isə ümumi istehlak qiymətləri indeksi 100,3%, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə noyabr ayında qiymətlər əvvəlki aya nisbətən 0,4%, yanvar-noyabr aylarında isə 6,9% artıb.
Qida məhsullarında bahalaşma əsasən qarabaşaq yarması, mal ətindən konservlər, balıq və balıq məhsulları, süd, yumurta, armud, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, şirin bibər, badımcan, soğan, kartof, qara və yaşıl çay, eləcə də alkoqollu içkilərdə müşahidə olunub. Eyni zamanda makaron, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, ağ kələm, göyərti, balqabaq, lobya, süfrə çuğunduru və yerkökü ucuzlaşıb. Digər qida məhsullarında əhəmiyyətli dəyişiklik olmayıb.
Qeyri-qida məhsulları üzrə noyabr ayında qiymətlər əvvəlki aya nisbətən 0,2%, yanvar-noyabr aylarında isə 2,6% artıb. Bu qrupda şəxsi gigiyena və zərgərlik məmulatları bahalaşıb, məişət cihazlarının qiymətləri isə azalıb. Digər qeyri-qida məhsullarında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.
Fuad Mədətov
Finss.az
