2025-ci ilin noyabr ayında Azərbaycanda istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5% artıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, əsas kateqoriyalar üzrə artım belə olub: qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1%, qeyri-qida məhsulları üzrə 2,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7%.
Əvvəlki aya nisbətən isə ümumi istehlak qiymətləri indeksi 100,3%, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə noyabr ayında qiymətlər əvvəlki aya nisbətən 0,4%, yanvar-noyabr aylarında isə 6,9% yüksəlib.
Qida məhsullarında bahalaşma xüsusilə qarabaşaq yarması, mal ətindən konservlər, balıq və balıq məhsulları, süd, yumurta, armud, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, şirin bibər, badımcan, soğan, kartof, qara və yaşıl çay məhsullarında müşahidə olunub. Eyni zamanda makaron, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, ağ kələm, göyərti, balqabaq, lobya, süfrə çuğunduru və yerkökü ucuzlaşıb. Digər qida məhsullarında ciddi dəyişiklik olmayıb.
Qeyri-qida məhsulları üzrə noyabr ayında qiymətlər əvvəlki aya nisbətən 0,2%, yanvar-noyabr aylarında isə 2,6% yüksəlib. Bu qrupda şəxsi gigiyena və zərgərlik məmulatları bahalaşıb, məişət cihazlarının qiymətləri isə azalıb.
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdə noyabr ayında əvvəlki aya nisbətən qiymət artımı 0,3%, yanvar-noyabr aylarında isə 6,6% təşkil edib. Bahalaşma əsasən tibb, mərkəzləşdirilmiş istilik təchizatı və bərbərxana xidmətlərinə təsir edib, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərdə əhəmiyyətli dəyişiklik olmayıb.
Fuad Mədətov
Finss.az
