BİZNES

10 Dekabr

Azərbaycan Mərkəzi Asiya-Türkiyə enerji körpüsü ilə türk dövlətləri arasında enerji əməkdaşlığını gücləndirir

Finss.az - Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası Türkiyənin İstanbul şəhərində keçirilib. İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov  sarsılmaz Azərbaycan - Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq türk dünyası ailəsinin formalaşmasına yol açdığını vurğulayıb. Nazir  dövlət başçılarının strateji baxış və qətiyyətli siyasətlərinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu artırdığını, təşkilatın artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrildiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın təşkilata sədrlik dövrü Prezident cənab İlham Əliyevin “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır” çağırışına uyğun şəkildə türk dövlətləri ilə strateji əlaqələrin hərtərəfli möhkəmlənməsi ilə xarakterizə olunur. Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulması və Orta Dəhlizlə Şimal-Cənub marşrutunu tamamlayan Zəngəzur Dəhlizinin açılması istiqamətində atılan addımlar türk dövlətləri arasında birliyi daha da gücləndirəcək.

Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 7,3 milyard dolları ötdüyü, 20 milyard dollardan artıq qarşılıqlı investisiya portfelinin 70-80 faizinin enerji sektorunun payına düşdüyü qeyd olunub. Ötən il və bu ilin 11 ayında BTC vasitəsilə 53 milyon tona yaxın Azərbaycan, qazax və türkmən neftinin dünya bazarlarına çıxarıldığı, Türkiyənin 18,7 milyard kubmetr, Avropa ölkələrinin  isə Türkiyə vasitəsilə 24,6 milyard kubmetr qazla təchiz olunduğu diqqətə çatdırılıb. “İğdır-Naxçıvan” qaz kəmərinin istismara verilməsi, TPAO-nun “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarükü, həmçinin Özbəkistanda  axtarış-kəşfiyyat layihəsinə başlanması türk dövlətləri arasında enerji əməkdaşlığının yeni mərhələdə nailiyyətləri kimi dəyərləndirilib.

Regional layihələr kontekstində Azərbaycanın, o cümlədən Xəzər dənizi və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı enerji siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə üst-üstə düşdüyü vurğulanıb. ““Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, həmçinin “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi və interkonnektor layihələri enerji vasitəsilə türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ölkələrimizin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsini, Zəngəzur dəhlizi isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünü yaradacaq.” - deyə nazir əlavə edib.

Çıxışda Türkiyənin COP31-ə ev sahibliyinə dəstək də ifadə olunub.

İclasda təşkilat çərçivəsində irəli sürülən təşəbbüslər müzakirə edilib, “Texnologiyalar və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəz” və “Enerji Səmərəliliyi üzrə Ekspertiza Şurası”nın yaradılması razılaşdırılıb. Nazirlərin növbəti iclasının Özbəkistanda keçirilməsinə qərar verilib.