BİZNES

09 Dekabr

Vergi sistemində həyata keçirilən islahatlar investisiya cəlbediciliyini artırır

Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) tərəfindən “Azərbaycanda 2025-2026-cı illər üzrə bazar araşdırması: sənaye sahələri və investisiya trendləri” hesabatı dərc edilib.

Finss.az xəbər verir ki, hesabat “AHK Azərbaycan” ilə Almaniya ticarət və investisiya təşkilatının (Germany Trade Invest) birgə əməkdaşlığı nəticəsində hazırlanıb. Sənəddə Azərbaycan iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi məqsədilə həyata keçirilən strategiyalar və fəaliyyət planları, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində irəliləyişlər və iqtisadi sahədə mühüm çağırışların həllində vergi islahatlarının müsbət təsirləri barədə məlumat verilir.

Hesabatda qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiyanın genişləndirilməsi üçün atılan addımlar və pandemiyadan sonrakı dövrdə artım dinamikası əks etdirilir və qeyri-neft sektorunda ÜDM-in ortamüddətli dövrdə artımı barədə proqnozlar yer alır. Mövcud və ortamüddətli iqtisadi siyasət hədəflərindən biri prioritet investisiya layihələrinə dövlət dəstəyinin vergi, gömrük və ƏDV azadolmalarının tətbiqi ilə təmin edilməsidir. Sənəddə biznes imkanlarının genişləndirilməsi üçün perspektivlər və vergi islahatlarının biznes üçün yaratdığı əlverişli imkanlar təqdim edilir.

“Kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılması məqsədilə həyata keçirilən vergi islahatları effektiv nəticələr verir: “Vergi ödəyicilərinin sayı, bəyan edilmiş gəlirlər və ƏDV daxilolmaları artır”.

Sənəddə Almaniya ticarət və investisiya təşkilatının (Germany Trade Invest) eksperti Uve Ştroxbaxın fikirləri də yer alır. Ekspert bildirib ki, inhisarçı strukturları məhdudlaşdırmaq üçün hazırlanmış yeni tənzimləmələr rəqabət mühitinin təşviqi və dayanıqlı inkişafı dəstəkləyən innovasiya yönümlü mühitin formalaşdırılmasına xidmət edir:
“Vergi orqanlarının 2028-ci ilə qədər ortamüddətli strategiyasında kiçik bizneslərin daha sürətli inkişaf edərək orta biznesdən daha effektiv sahibkarlıq subyektlərinə çevrilməsini təmin edəcək təşviqlərin verilməsi nəzərdə tutulur. Bu tədbirlər özəl sektorun gücləndirilməsinə, diversifikasiyanın genişlənməsinə və iqtisadi dayanıqlığın artmasına töhfələr verəcək.”

Hesabatda Azərbaycan hökumətinin vergi güzəştləri, azad ticarət zonaları və Avropa İttifaqı ilə strateji tərəfdaşlıqlar vasitəsilə biznes üçün əlverişli mühit yaratdığı vurğulanır. Bu tədbirlər Azərbaycanın regional və qlobal ticarət platformasında aparıcı mövqeyə malik olmasını nümayiş etdirir.

Vergi islahatları sahibkarlıq mühitinin son illər daha şəffaf və əlverişli olmasını təmin edib. Qeyd olunur ki, Azərbaycanın vergi sistemində aparılan islahatlar investisiya cəlbediciliyini artırır və iqtisadi dayanıqlılığı gücləndirməklə inkişaf prioritetlərinə mühüm töhfələr verir.

Fuad Mədətov
Finss.az