2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanla Çexiya arasında ticarət əməliyyatlarının həcmi 763,494 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 191,7 milyon dollar və ya 20,1% azdır.
Hesabat dövründə Çexiya Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,87%-ni təşkil edib və ölkə üzrə ən çox ticarət əməliyyatları aparılan ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.
2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Çexiyaya 703,241 milyon dollarlıq məhsul ixrac olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 202,3 milyon dollar və ya 22,3% azalma deməkdir. İxracın 701,374 milyon dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarından ibarət olub. Neft ixracının həcmi isə 1,308 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,1%, həcm baxımından 8,8% azalma deməkdir. Bu nəticə ilə Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 2-ci yerdə qərarlaşıb.
Çexiyadan Azərbaycana isə 60,252 milyon dollar dəyərində idxal həyata keçirilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon dollar və ya 21,3% artım deməkdir.
Ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard dollar və ya 3,8% artım deməkdir. Xarici ticarət dövriyyəsinin 21,637 milyard dolları ixracın, 19,225 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard dollar və ya 4,9% azalsa da, idxal 2,6 milyard dollar və ya 15,6% artıb. Nəticədə xarici ticarətdə 2,412 milyard dollar müsbət saldo yaranıb ki, bu da ötən ilə nisbətən 2,5 dəfə azdır.
Fuad Mədətov
Finss.az
