BİZNES

09 Dekabr

“AzərEnerji” borc və əməliyyat göstəricilərində sabitliyini qoruyacaq - S&P

“AzərEnerji”nin kapital xərcləri 2025-ci ildə 650–670 milyon manat, 2026-cı ildə isə 550–570 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Finss.az “SP Global Ratings”in məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə 160–180 milyon manat həcmində mənfi sərbəst əməliyyat pul axını proqnozlaşdırılır, 2026-cı ildə isə bu göstərici neytral səviyyəyə çatacaq. Dövlət kapital yatırımları borcun xidmətinə dair xərclərin bir hissəsini qarşılamaqla, planlı amortizasiya ödənişləri isə borc yükünün cüzi azalmasına səbəb olacaq. Əməliyyat fəaliyyətindən əldə olunan pul vəsaitlərinin borca nisbətinin proqnoz dövrü ərzində 30 faizdən yuxarı qalacağı gözlənilir.

Agentlik vurğulayır ki, dövlət dəstəyi əsas kredit risklərini kompensasiya edir. “AzərEnerji” valyuta volatilliyinə, zəif daxili bank sisteminə və dövriyyə kapitalının artımına məruz qalır. Hökumət şirkətin bütün borcuna zəmanət verir və kapital qoyuluşlarını təmin edir, bu da orta müddətli perspektivdə davam edəcək. Şirkət kapital qoyuluşları, borc ödənişləri, vergi güzəştləri və sıfır dividendlər daxil olmaqla geniş spektrdə dövlət dəstəyi alır, bu isə “AzərEnerji”nin Azərbaycan hökuməti üçün əsas iqtisadi və sosial rolunu əks etdirir və fövqəladə dəstəyin yüksək ehtimalını təsdiqləyir.

Fuad Mədətov
Finss.az