2025-ci ilin yanvar–oktyabr aylarında Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı ticarət dövriyyəsi 47,8 milyon ABŞ dolları təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artıb.
Finss.az Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Naxçıvandan Türkiyəyə ixrac 24,8% artaraq muxtar respublikanın xarici ticarətində ilk sırada qərarlaşaraq 46,5% paya malik olub. Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik və travertin daş məhsulları ixrac olunub. Türkiyədən Naxçıvana isə ərzaq və kənd təsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil məhsulları və müxtəlif texnika məhsulları gətirilib.
Muxtar respublikada fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük hissəsini Türk şirkətləri təşkil edir və onlar müxtəlif sahələrdə sahibkarlıq subyektləri ilə birgə aktiv fəaliyyət göstərirlər. Sahibkarlığın İnkişafı Fondu və sahibkarların təşəbbüsləri ilə rayonlarda kiçik, orta və böyük həcmli layihələr icra olunur. Cari ilin 11 ayında Azərbaycan Biznesinin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək göstərilib və 22 milyon manatdan çox güzəştli kredit ayrılıb, bu isə yeni iş yerlərinin yaradılmasına və sosial rifahın artmasına töhfə verir.
Bildirilib ki, 2026-cı ilin yanvarından Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər paketi tətbiq ediləcək. Bu paket regiondakı iş adamları üçün əlavə üstünlüklər yaradaraq həm istehsal, həm də ixrac imkanlarını genişləndirəcək və rəqabətqabiliyyətli biznes mühiti formalaşdıracaq.
Fuad Mədətov
Finss.az
