“YAŞAT” Fondunun yaranmasının 5-ci ildönümü münasibətilə Fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Tədbirdə əvvəlcə Fondun ötən illər ərzində həyata keçirdiyi layihə və fəaliyyətləri əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib və təqdimatda şəhid ailələrinin üzvlərinə, itkin düşmüş şəxslərin ailələrinə və müharibə əlillərinə göstərilən dəstək tədbirləri, habelə Fondun müəyyən edilmiş istiqamətlər üzrə reallaşdırdığı layihələr barədə ətraflı statistik məlumatlar açıqlanıb. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Finss.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun məqsədinin şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək göstərilməsi, vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün platforma formalaşdırılması, eləcə də bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin edilməsi olduğu vurğulanıb. Bildirilib ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı bütün məlumatları yashat.gov.az saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.
Konfrans zamanı “YAŞAT” Fondunun 08 dekabr 2025-ci il tarixinə olan statistik göstəriciləri də təqdim edilib. Qeyd olunub ki, bu tarixədək Fondun büdcəsindən ümumilikdə 93 622 394,16 AZN vəsait xərclənib, 18 566 şəxsin 93 897 müraciəti təmin edilib.
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 246 250 AZN vəsait sərf olunub. Bu çərçivədə 5 563 şəhid ailə üzvünün, 6 itkin ailə üzvünün və 7 037 yaralının olmaqla ümumilikdə 12 606 müraciəti təmin edilib.
“Onlar bizə əmanət” layihəsi çərçivəsində 27 sentyabr 2020-dən sonra dünyaya gələn 120 şəhid övladına 1 000 AZN maddi yardım göstərildiyi, hər bir övladın adına 5 000 AZN depozit hesabı açıldığı, həmçinin hər iki valideynini itirmiş 7 şəhid övladı üçün də 5 000 AZN-lik depozit hesabının yaradıldığı bildirilib.
Təhsil, əlavə təhsil və yaradıcı potensialın inkişafı istiqamətində 5 952 970,32 AZN xərcləndiyi, bunun 1 381 242,77 AZN-nin tərəfdaşlar tərəfindən yaradıcı potensial layihələrinə ayrıldığı açıqlanıb. Bu istiqamət üzrə 1 450 şəhid ailəsi üzvünün və 280 yaralının olmaqla ümumilikdə 1 730 müraciəti təmin edilib.
Ali təhsilə qəbul olan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə rəsmi akkreditasiyaya malik ali məktəblərə daxil olduqları üçün 2 000 AZN birdəfəlik mükafat verildiyi, bu proqramdan ümumilikdə 266 nəfərin – 187 şəhid ailəsi üzvünün və 79 müharibə əlilinin faydalandığı diqqətə çatdırılıb.
Müalicə və psixoloji dəstək istiqamətində Fondun 37 911 765,02 AZN vəsait xərclədiyi qeyd olunub. Bu sahədə 51 325 şəhid ailə üzvünün, 4 itkin ailə üzvünün və 25 934 yaralının olmaqla ümumilikdə 77 263 müraciət təmin edilib. Xaricdə müalicə ilə bağlı 193 nəfərin Türkiyəyə göndərildiyi, onların 184-nün müharibə əlili, 9-nun şəhid ailəsi üzvü olduğu, hazırda isə 1 müharibə əlilinin müalicəsinin Türkiyədə davam etdiyi bildirilib.
İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün Fond tərəfindən 7 011 408,82 AZN vəsait xərclənib və bu istiqamətdə 918 şəhid ailəsi üzvünün, 3 itkin ailəsi üzvünün, 1 379 yaralının müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.
Mətbuat konfransında Fondun 2025-ci ildə həyata keçirdiyi layihələr də tam şəkildə təqdim edilib. Bu layihələr sırasına 25–27 fevral tarixlərində Naxçıvanda 11–16 yaş aralığında 25 şəhid övladının iştirakı ilə təşkil edilən Qış düşərgəsi, 3 mart tarixində DİM və “YAŞAT” arasında mənəvi dəstək sahəsində əməkdaşlıq memorandumu, 18–20 aprel tarixlərində Qusarda 16–21 yaşlı 41 şəhid övladının iştirakı ilə keçirilən 1-ci intellektual marafon daxildir.
Həmçinin 24 mayda Gəncədə 6–14 yaş arası 84 şəhid övladının iştirak etdiyi “Bilimdən Zəfərə” layihəsi, 1 iyunda 14 yaşınadək 1 673 şəhid övladına hədiyyə qutularının təqdim edildiyi “Hədiyyə Karvanı”, 4–31 may tarixlərində 100 məktəbli şəhid övladının sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş “Kiçik sahibkarlar, böyük hədəflər” layihəsi, 2025–2026-cı tədris ili üçün 1 467 məktəbli şəhid övladına təqdim edilən məktəbli ləvazimatları proqramı barədə məlumat verilib. Bu çərçivədə 798 oğlan, 669 qız olmaqla ümumilikdə 1 467 uşaq üçün qutu hazırlandığı, onlardan 41-nin Naxçıvana çatdırıldığı qeyd edilib.
16 iyun–1 avqust tarixlərində Lənkəranda təşkil edilən “YAŞAT” düşərgəsinin 457 şəhid övladını, o cümlədən 18 Türkiyədən olan uşağı əhatə etdiyi, 1 iyulda keçirilən “Aerokosmik Modelçilik Festivalı 2025”də 5 şəhid övladının qalib olduğu diqqətə çatdırılıb. 20 iyul–3 avqust tarixlərində Londonda 10 yüksək nəticə göstərmiş şəhid övladının iştirakı ilə təşkil edilən 3-cü “YAŞAT” yay məktəbi, 17 iyulda 6 müharibə əlilinə təqdim olunan ağıllı əsa layihəsi, 1–3 noyabrda Qubada 16–23 yaş aralığında 48 şəhid övladını əhatə edən 2-ci intellektual marafon, 9–13 noyabr tarixlərində 10 şəhid övladının iştirakı ilə reallaşdırılan Zəfərin 5 illiyi münasibətilə İstanbul səfəri barədə məlumat verilib.
Mətbuat konfransında əlavə olunub ki, Fond ictimaiyyət üçün tam şəffaf hesabatlılığın təmin edilməsi məqsədilə bütün xərcləri, məbləğləri, istiqamətləri, təsdiqedici sənədləri və video materialları mütəmadi olaraq saytın “Hesabatlılıq” bölməsinə yerləşdirir.
Fuad Mədətov
Finss.az





